Monday, February 27, 2012

Xolesistektomiya: göstərişlər, cərrahi yanaşma, ağırlaşmalar və proqnoz. Hissə 1.


Ümumi təsvir:
  • Bəzi mütləq və ya nisbi əks göstərişlər istisna olmaqla, simptomatik öd kisəsi və öd yolları xəstəliyi xolesistektomiyanın aparılmasına göstəriş ola bilər. 
  • Kəskin xolesistit xəstəliyində:
    • orta ağır kəskin xolesistit zamanı, xolesistektomiya diaqnozun qoyulduğu 24-72 saat ərzində aparılmalıdır. Həmin müddət ərzində aparılmış xolesistektomiya gecikdirilmiş (yəni >6 həftədən gec) xolesistektomiya ilə müqayisədə eyni kliniki nəticələr verir, lakin xəstənin hospitalizasiya müddəti daha qısa olur. 
    • çox ağır kəskin xolesistit zamanı, xolesistektomiyanın gecikdirilməsi məsləhətdir. 
  • Öd daşları nəticəsində pankreatit müəyyən edildikdə isə orta ağır xəstəlik zamanı cərrahi müdaxilə üçün optimal vaxt xəstənin xəstəxanaya qəbulundan 48 saat, çox ağır xəstəlikdə isə >2 həftə keçdikdən sonra   hesab edilir. 
  • Öd sancısı ilə müraciət etmiş xəstələrdə diaqnozun qoyulduğu ilk 24 saat ərzində laparoskopik xolesistektomiyanın aparılması gecikdirilmiş əməliyyatla müqayisədə morbidliyi xeyli azaltmış olur.  
  • Asimptomatik öd daşları xolesistektomiyanın aparılması üçün adətən göstəriş sayılmır, lakin xəstə immunosupressiyalı olduqda və ya xərçənq xəstəliyi riski yuxarı olduqda, əməliyyata göstəriş yarana bilər. 
Cərrahi yanaşmalar:
  • açıq xolesistektomiya (laparoskopik xolesistektomiya mümkün olmadıqda və ya nisbi əks göstərişlər olduqda) aşağıdakı xəstələrdə aparılır
    • müalicə edilməmiş koaqulopatiya
    • Çayld-Pux təsnifatı üzrə C sinfinə aid qaraciyər sirrozu
    • öd kisəsinin xərçəngi şübhələndikdə
    • əvvəl aparılmış abdominal cərrahi əməliyyatlar
    • həmiməliyin 3-cü trimestri
    • öd kisəsi xərçəngi ehtimalını artıran selektiv selikli qişa kalsifikasiyaları olduqda 
  • kiçik kəsik etməklə xolesistektomiya açıq xolesistektomiya ilə müqayisədə səhətin daha tez yaxşılaşması ilə nəticələnir və simptomatik  xolelitiazın müalicəsi baxımından laparoskopik xolesistektomiya ilə eyni nəticələr verir. Bütün hallarda hər 3 prosedurda mortalite baxımından heç bir fərqlər qeyd edilməyib. 
  • laparoskopik xolesistektomiya açıq əməliyyatla müqayisədə daha qıs hospitalizasiya müddəti və səhətin daha tez yaxşılaşması ilə bağlıdır. 
  • minilaparoskopik xolesistektomiya ənənəvi laparoskopik xolesistektomiya ilə müqayisədə ağrının səviyyəsini daha çox azaltmış və xəstənin fəal həyata qayıtmasını tezləşdirmiş olur. Lakin minilaparoskopik xolesistektomiya əməliyyatı zamanı digər alternativ cərrahi yanaşmalara (ənənəvi laparoskopik və ya açıq əməliyyata) daha çox konversiya edilir.  
  • tək-kəsikli laparoskopik xolesistektomiya standart olan 4-portlu laparoskopik xolesistektomiya və ya minilaparoskopik xolesistektomiya ilə müqayisədə daha yaxşı kosmetik efekt verir. 
Pre-operativ (əməliyyat öncəsi) nəzərə alınmalı məqamlar:
  • laparoskopik xolesistektomiya olunacaq aşağı-riskli xəstələrdə əməliyyat öncəsi antibiotikin verilməsi tələb olunmur. 
    • planlı aparılan laparoskopik xolesistektomiyadan əvvəl profilaktik antibiotiklərin verilməsi onsuzda aşağı olan peri-operativ infeksiya riskini azaltmır. 
    • 60 yaşdan yuxarı olan, diabet xəstəliyi olan, əməliyyatdan öncə 30 gün ərzində kəskin sancıları olan, habelə sarılıq, kəskin xolesistit və ya xolanqiti olan yüksək riskli xəstələrdə profilaktik antibiotiklər cərrahi yara infeksiyası hallarını azaltmış olur. 
  • aşağı riski olan və laparoskopik xolesistektomiya olunacaq xəstələrdə spinal anesteziya təhlükəsiz və efektiv hesab edilir. 
  • əməliyyat öncəsi deksametazon laparoskopik xolesistektomiyadan sonra rast gəlinən ürək bulanma və qusma hallarını azaltmış olur, lakin analqetikə olan ehtiyacı artırmış ola bilər. 
Əməliyyatdaxili məqamlar
  • aşağı-təzyiqli pnevmoperitoneum laparoskopik xolesistektomiyadan sonra daha az ağrı intensivliyi və daha az çiyin ağrısı halları ilə əlaqəlidir. 
  • intraperiton və ya cərrahi kəsik daxilinə yerli anestetikin vurulması əməliyyatdan sonrakı ağrı səviyyəsini azaltmış olur. 
  • laparoskopik xolesistektomiyanın təhlükəsizliyi müvafiq anatomiyanın düzgün müəyyən edilməsindən asılıdır: 
    • öd kisəsi axarı, ümumi öd axarı, öd kisəsi arteriyası və qaraciyər arteriyalarının müəyyən edilməsi çox vacibdir.
    • təcrübəli əllərdə, əməliyyatdaxili (intraoperativ) laparoskopik USM müvafiq anatomiyanın təyin edilməsi, öd axarında daşların identifikasiyası və öd axarının zədələnməsi riskinin azaldılmasına yardımçı olur. 
  • Laparoskopiyanın laparotomiyaya çevrilməsi (konversiyası) ağırlaşma kimi qəbul edilməməlidir. Cərrahlar ümumiyyətlə laparotomiyaya konversiya etməkdən çəkinməməlidir. 
  • intraoperativ (əməliyyatdaxili) xolanqioqrafiya öd axarının zədələnməsi riskini, zədənin ağırlıq dərəcəsini azaltmış olur və zədə baş verdiyi halda (və ya şübhə olduqda) onun müəyyən edilməsi ehtimalını xeyli artırır. Lakin, intraoperativ xolanqioqrafiyanın zədələrin profilaktikası baxımından istifadəsinin efektivliyi hələ məlum deyil. 
  • Xoledoxolitiaz (öd yollarının daşları) xəstəliyinin müalicəsi baxımından hər hansı bir cərrahi yanaşmanın açıq üstünlüyü qeyd edilməyib. 
  • Drenajların istifadəsi: 
    • Planlı laparoskopik xolesistektomiyadan sonra drenajların qoyulmasına ehtiyac yoxdur. Əksinə drenajlar ağırlaşmaların sayını artırmış olur. 
    • drenajlar əsasən mürəkkəb hallarda, xüsusilə də, xoledoxotomiya aparıldıqda, qoyulur
    • cərrahi yara infeksiyası hallarının artması və uzadılan hospitalizasiya müddətinə görə, laparoskopik xolesistektomiyadan sonra sıradan abdominal drenajların qoyulması məsləhət görülmür. 
Əməliyyatdan sonra nəzərə alınmalı məqamlar:
  • dərin venaların trombozunun profilaktikası
    • laparoskopik xolesistektomiyadan sonra venoz tromboembolizm halları çox aşağı olur və buna görə profilaktikaya ehtiyac olmaya da bilər. 
    • venoz tromboembolizm baxımından ≥2 risk faktoru olduqda, aşağıdakı tədbirlər təklif edilir:
      • pnevmatik kompression cihazlar
      • fraksiyalaşdırılmamış heparin
      • aşağı molekul ağırlıqlı heparin (enoksoparin, dalteparin)
  • simptomatik xolelitiaz xəstəliyinə görə mürəkkəb olmayan laparoskopik xolesistektomiya edilən xəstələr əməliyyatdan sonra həmin gün evə yazıla bilər. 
  • ümumiyyətlə, mürəkkəb olmayan laparoskopik xolesistektomiyadan sonra səhətin yaxşılaşma müddəti təxminən 1 həftədir, lakin bu müddət dəyişkəndir. 
  • Hamiləlik və dünyaya uşaq gətirdikdən sonrakı (postpartum) dövründə laparoskopik xolesistektomiya təhlükəsiz hesab edilir.  

Abdominal müayinə texnikası.




Nevroloji müayinə. Mental statusun müayinəsi.




Nevroloji müayinə (nümunə 1.)




Sunday, February 26, 2012

Böyüklərdə Stupor və Koma. Hissə 1.

Giriş.
Stupor və koma dedikdə xəstənin kənar qıcıqlandırıcı stimullara cavabsızlığı (reaksiyanın olmaması) və ya reaksiyanın qeyri-normal olması və ya xəstənin oyadılmasının mümkün olmaması və ya çətinləşmiş olduğu kliniki vəziyyətlər nəzərdə tutulur.
Koma dedikdə konkret olaraq xəstənin "qıcıqlandırıcı stimullara reaksiyasının itməsi və oyadılmasının mümkünsüzlüyü" nəzərdə tutulur.
Stupor, letarqiya və keyləşmiş huşu terminləri isə koma ilə normal oyanıq hal arasında olan kliniki vəziyyətləri xarakterizə edir.
Ümumiyyətlə, həmin terminlərin kliniki praktikada vəziyyətin detallı təsviri olmadan istifadəsi məqbul sayılmır.
Oyanma statusunun dəyişməsi kəskin, həyata təhlükəli olan və beyin funksiyaları və həyatın saxlanması məqsədilə təxirəsalınmaz müdaxilə tədbirlərinin görülməsini tələb edən vəziyyətdən xəbər verir. Xəstənin həmin vəziyyətdə müayinəsi və müalicəsi paralel aparılır.

Oyanma statusu dəyişmiş xəstələrin müayinəsi
  • həyat göstəriciləri və ümumi fiziki müayinə
  • nevroloji müayinə və Qlazqo Koma Şkalası üzrə dərəcənin təyini 
  • Laborator analizlər (QÜA, şəkər, elektrolitlər, qanda sidik cövhəri, kreatinin, PT/İNR, PTT, arteriyal qan qazları, qaraciyər funksional paneli, müxtəlif dərmanların səviyyəsinin qanda təyini)
  • elektro-kardioqrafiya
  • Başın KT: fokal nevroloji defisit, qöz dibinin ödemi (papilödem), hərarət olduqda KT-nin olunması prioritet və təxirəsalınmaz olmalıdır
  • Onurğa beyin mayesinin əldə olunması üçün Lumbar punksiya: hərarət, leykositoz, meninqeal qişaların qıcıqlanması simptomları olduqda, lumbar punksiya təxirəsalınmadan beyin KT-dən dərhal sonra edilməlidir. Yuxarıdakı simptomlar olmadıqda, punksiyanın edilməsi həkimin düşündüyü diferensial diaqnostikadan və kliniki vəziyyətdən asılı olmalıdır. 
  • elektro-ensefaloqrafiya: mümkün olan qeyri-konvulsiv (yəni ətrafların qıc olması ilə müşahidə olunmayan) qıc olmalara şübhə olduqda və ya digər müayinələrin nəticələrinə baxmayaraq diaqnoz qeyri-müəyyən olduqda edilir.
  • Digər laborator analizlər: qandan əkmələr, adrenal və tiroid hormonlarına dair testlər, koaquloqramma, karboksihemoqlobinin təyini, müvafiq dərmanların qanda səviyyəsinin təyini və s. (bu testlər müvafiq anamnezdən irəli gələrək modifikasiya oluna bilər). 
  • Beyinin MRT-i

Etiologiya və patofiziologiya. 

Qalxan retikulyar fəallaşdırma sistemi yuxarı orta beyin və körpünün (pons) teqmentumundan başlanan və oyanıqlığa səbəb olan və oyanıqlığı saxlayan neyronlar şəbəkəsidir. Bu neyronlar talamus və hipotalamus da daxil olmaqla, diyensefalona və oradan beyin qabığına proyeksiya olunur. Oyanıqlıq vəziyyətinin dəyişməsi yuxarı beyin kötüyündə olan qalxan retikulyar fəallaşdırma sistemini zədələməklə yarana bilər. 

Beyin yarımkürələrinin zədələnməsi də koma yarada bilər. Düzdür bu daha çox hər iki yarımkürənin diffuz zədələnməsi (bilateral) nəticəsində baş verir. Lakin əgər yalnız yarımkürənin biri (unilateral) zədələnibsə, komanın yaranması üçün bu zədə o dərəcədə böyük olmalıdır ki, beyinin kötüyü və ya digər kontralateral yarımkürəciyə də təsir etmiş olsun. 
MRT görüntülərinin tədqiqi göstərmişdir ki, supratentorial törəmələr səbəbindən yaranan koma vəziyyəti həm törəmə tərəfindən kontralateral yarımkürəciyin sıxılması, həm də aşağıda yerləşən beyin kötüyünün sıxılması nəticəsində baş verir. 

İntoksikasiya, metabolik və infeksion etiologiyalı, habelə hipotermiya nəticəsində əmələ gəlmiş komanın yaranma mexanizmi çox az başa düşüləndir və bir sıra hallarda spesifik səbəbdən asılıdır. Sadələşdirilmiş izah ondan ibarətdir ki, yuxarıda sadalanmış hallar beyində oksiqen vəə ya qida elementlərinin beyin toxumasına çatdırılması prosesini pozur və nəticədə beyinin metabolizmi pozulut və ya neyronların və sinapsların funksiyalarına müdaxilə baş verir. 

Stupor və koma törədən hallar sırasında geniş spektrli tibbi və nevroloji xəstəliklər var. Onların sırasında aşağıdakıları misal göstərmək olar: 

Stupor və komanı törədən səbəblər.

I. Simmetrik, qeyri-struktur (qeyri-orqanik) pozuntular
Toksinlər
Qurquşun (Plumbum)
Talliy
Göbələk
Sianid
Metanol
Etilen qlikol
Dəm qazı
Dərmanlar
Sedativ dərmanlar
Barbituratlar*
Digər hipnotik preparatlar
Trankvilizatorlar
Bromidlər
Spirtli məhlullar
Opiatlar 
Paraldeqid 
Salisilatlar
Psixotrop maddələr
Antixolinerjik maddələr
Amfetaminlər
Litiy
Fensiklidin 
MAO inhibitorları
Metabolik
Hypoksiya
Hiperkapniya
Hipernatremiya*
Hipoqlikemiya*
Hiperqlikemik nonketotik koma 
Diabetik ketoasidoz
Laktatla asidoz
Hiperkalsemiya
Hipokalsemiya
Hipermaqnezemiyia
Hipertermiya
Hipotermiya
Reye ensefalopatiyası
Aminoacidemiya
Wernicke ensefalopatiyası
Porfiriya
Hepatik ensefalopatiya*
Uremiya
Dializ ensefalopatiyas
Adisson böhranı
Hipotiroidizm 
İnfeksiyalar
Bakterial meninqit
Viruslu ensefalit
İnfeksiyadan sonrakı meninqomiyelit 
Sifilis
Sepsis
Yatalaq
Malariya
Waterhouse-Friderichsen sindromu
Psixiatrik 
Katatoniya
Digərləri
Qıcolmadan sonrakı posiktal vəziyyət*
Difyuz işemiya (miokardın infarktı, ürək çatışmazlığı, aritmiyalar)
Hipotenziya
Piy embolizmi*
Hipertenziv ensefalopatiya
Hipotiroidizm
Qeyri-konvulsiv status epilepticus
Gün vurması

Təcili tibbi yardım xəstəxanalarına koma və stuporda gətirilmiş xəstələrin əksəriyyətində həmin vəziyyətin səbəbi adətən travma, beyin-damar xəstəliyi, intoksikasiyalar və metabolik pozuntular olur.

ANAMNEZ — huşu pozulmuş xəstə xəstəlik tarixçəsini danışa bilmir, lakin xəstənin yaxınlarından bəzən vacib məlumatları əldə etmək olur:
  • Baş vermiş hadisənin şahidlərindən tarixçəni əldə etmək adətən çox faydalı olur. Təcili tibbi yardım briqadasının əməkşdalarından da etiologiyaya aydınlıq gətirə biləcək faydalı məlumat əldə edilə bilər. 
  • Bəzən xroniki xəstəliyi olanların üzərində və ya çantalarında qəbul etdikləri dərmanlar, xəstəlikləri barədə hansısa məlumat vərəqələri də tapıla bilər ki, bu da xəstənin vəziyyətini aydınlaşdıra bilər. 
  • Əvvəl olduğu xəstəxana və ya poliklinikadan xəstəlik tarixçəsinə dair faydalı məlumatlar əldə oluna bilər. 
Xəstənin qohumları, yaxınları və hadisənin şahidlərindən soruşulması vacib məqamlar:
  • Huşun itirilməsi hansı müddət ərzində baş verdi? Qəfldənmi (məs., subaraxnoid qanaxma, qıcolma), tədricənmi (məs., beyin şişi) və ya tez-tez dəyişkənmi (məs., təkrarlanan qıcolmalar, subdural hematoma, metabolik ensefalopatiya) olub?
  • Fokal nevroloji simptomlar və ya əlamətlər huşun itirilməsindən əvvəl müşahidə edilibmi? Nümunə kimi məsələn, birincili hemiparez beyinin struktur zədələnməsini və böyük ehtimalla ödem, qanaxma və ya böyük ölçülü şiş nəticəsində beyinin digər sahələrinin də sıxılmasına dəlalət edə bilər. Görmə ilə bağlı keçib gedən simptomlar, məsələn, diplopiya və ya vertiqo, beyinin arxa qan dövranında işemiyanın olduğuna işarə edə bilər. 
  • Xəstədə əvvəllər keçib gedən işemik hücum və ya qıcolmalara işarə edən hər-hansı nevroloji epizodlar olubmu?
  • Bu yaxınlarda hansı xəstəlik keçirib? Hərarət adətən infeksiyaya dəlalət edir; artan baş ağrısı beyindaxili törəmənin olması, infeksiya və ya venoz sinusun trombozundan xəbər verə bilər; yaxınlarda yıxılmalar subdural hematomaya olan şübhələri artıra bilər; yaxınlar müşahidə edilən keyləşmiş huş və ya deliriy metabolik və ya toksik səbəblərə işarə edə bilər. 
  • Xəstənin həkim tərəfindən yazılan və ya sadəcə həkim göstərişi olmadan alıb qəbul etdiyi dərmanları varmı? Xəstədə hər hansı tibbi və ya psixi problemləri varmı? Xəstə siqaret və ya spirtli içkilər qəbul edirmi?
ÜMUMİ MÜAYİNƏ — Komada olan xəstələrdə fiziki müayinə heç zaman unudulmamalıdır, çünki məhz fiziki müayinə əksər hallarda komanın etiologiyasının müəyyən edilməsinə yardım etmiş olur.
  • Həyat göstəriciləri — Yüksək kritik arteriyal qan təzyiqi keçib gedən posterior leukoensefalopatiya sindromuna, hipertenziv ensefalopatiya, və ya hipertenziv beyindaxili/beyincikdaxili/beyin kötüyünə qanaxmanın baş verməsinə işarə verə bilər. Hipotenziya isə daha çox qan dövranın çatışmazlığına, xüsusilə, sepsis, hipovolemiya və ya ürək çatışmazlığına, habelə müəyyən dərmanlar və ya Addison xəstəliyinə dəlalət edə bilər.

    Hipertermiya adətən infeksiyada müşahidə edilir; antixolinerqik maddə ilə intoksikasiya və gün vurması da mümkün səbəblər sırasında ola bilər. Hipotermiya isə təsadüfi ola bilər (soyuğa çıxmaq), birincili (məsələn, şiş və ya Vernike ensefalopatiyası nəticəsində hipotalamusun disfunksiyası; və ya ikincili (məs., adrenal çatışmazlıq, hipotiroidism, sepsis, dərman və ya alkoqolla intoksikasiya) ola bilər.
  • Tənəffüsün xüsusiyyətləri — xəstədə hipo- və ya hiperventilyasiyanın müşahidə ilə müəyyən edilməsi, arteriyal qanda qazların təyini ilə yanaşı diaqnostikada çox faydalıdır. 

    Transtentoriyal yırtıq nəticəsində beyin kötüyünün zədələnməsi nəticəsində bəzi klassik tənəffüs xüsusiyyətləri kliniki cəhətdən öz faydasını itirib. Çeyn-Stok tənəffüsü (apnoyeyə keçən periodik artan və azalan hiperpnoye) həm ürək çatışmazlığı, həm hər iki beyin himsferinin disfunksiyası, həm də ahıllarda yuxu zamanı müşahidə edilə bilər. Daha qısa dövrlü Çeyn-Stoks tənəffüsü beyin kötüyünün teqmental disfunksiyası ilə əlaqəlidir və enən yırtığın artması nəticəsində qeyri-requlyar tənəffüsə çevrilə bilər. 
  • Dəri və selikli gişa anormallığı - Komada olan xəstənin dəri örtüyünün tez inspeksiyası mühüm əhəmiyyət kəsb edir.

    Göyərtilər kəllə-beyin travmasına işarə edə bilər, xüsusilə, "rakun gözləri" (periorbital ekximoz) Battle əlaməti (mastoid çıxıntısı üzərində göyərti) və hemotimpanum (timpanik membranın arxasında qan yığılması) kəllənin əsasının sınığı zamanı müşahidə edilir. Petexiya və ekximozlar da qanaxma diatezləri (məs., trombositopeniya, DİC-yayılmış damardaxili koaqulyasiya), bəzi infeksiyalar (məs., meninqokokk septisemiyası, spiroxet infeksiyası), və bəzi vaskulitidlər  zamanı müşahidə edilir. Dırnaqaltı və konyuktivada qansızmalar endokardit zamanı müşahidə edilir. Baş və boyun nayihəsi ilə məhdudlaşan petexiyalar adətən qıcolmalar zamanı kəskin şəkildə artan venoz təzyiqlə əlaqəli olur.

    Tərləmə isə hipoqlikemiya, hərarət və feoxromositomada olur. Bulloz səpgi isə barbituratlarla intoksikasiya zamanı müşahidə edilir.

    Sarılıq qara ciyər xəstəliyinin təzahürü ola bilər. Qırmızı vişnə rəngli selikli gişalar və dodaqlar karbon monoksid (CO) intoksikasiyasına dəlalət edə bilər. Dərinin solğunluğu uremiya, miksedema və ya ağır anemiyada (pernisioz anemiya) müşahidə edilə bilər.

    Dəridə iynə yerləri venadaxili narkotik perparatlardan istifadəyə işarə ola bilər. Dilin kənarlarının dişlənməsi yaxınlarda baş vermiş konvulsiya və ya qıcolmanın nəticəsi ola bilər. 
  • Digərləri — ortopedik zədələrin əksəriyyəti travmadan xəbər verir. Bəziləri, məsələn, çiyinin arxa sınıqlı dislokasiyası, manubrio-sternal dislokasiya və onurğa vertebralarının kompressiyalı sınıqları (nadir hallarda isə bud sümüyünün boyunun və asetabulumun sınıqları) da konvulsiyalar və ya qıcolmalar zamanı təsadüf edilir.

    Onurğa beyin mayesinin burundan ifraz olunması (rhinorrhea) kəllə sümüklərinin sınıqları zamanı baş verə bilər və müəyyən edilməsi çox əhəmiyyətlidir, çünki ağırlaşma kimi irinli meninqitin baş verməsi ehtimalı artmış olur.

    Boyunun passiv əyilməsinə olan rezistentlik (müqavimət) meninqizmə dəlalət edir və beyinin meninqeal gişalarının meninqit və subaraxnoid qanaxma nəticəsində qıcıqlanmasına dəlalət edə bilər. Lakin, meninqitin olmasına baxmayaraq dərin komada  bu cür meninqeal əlamətlər müşahidə edilməyə də bilər.

    Ağ ciyərlər, qarın və ürəyin də fiziki müayinəsi digər xəstəliklərin diaqnostikasına yardımçı ola bilər. 
NEVROLOJİ MÜAYİNƏ — Komatoz xəstələrdə nevroloji müayinə mütləq qısa və cəld olmalı və patologiyanın struktur (orqanik) və ya metabolik disfunksiya nəticəsində (o cümlədən, dərmanların efekti və ya infeksiya) baş verdiyinin müəyyən edilməsinə yönəlməlidir. Həkim tərəfindən aşağıdakılar mütləq qiymətləndirilməlidir: 
  • Huşun səviyyəsi 
  • Motor funksiyalar və motor reaksiya
  • Beyin kötüyü refleksləri: göz bəbəyinin işığa reaksiyası, ektraokulyar və gözün buynuz gişasının refleksləri 
Beyin kötüyünün müəyyən sahələrində disfunksiyaya işarə edən qeyri-normal reflekslər və ya əldə edilmiş reaksiyalarda sağ və sol tərəfli asimetriya mühüm tapıntılara aiddir.
Huşun səviyyəsi — Vacibdir ki, xəstənin vəziyyətini təsvir etdikdə sadəcə xəstənin keyləşmiş və ya stuporoz olmasını deyil, onun müxtəlif qıcıqlandırıcılara cavablılığı təsvir edilir. Məlumdur ki, hətta komada olan xəstədə müxtəlif mümkün reaksiyalar əldə edilə bilər. 
Ayıqlıq səs-küylə (məs., xəstənin qulağına qışqırmaqla) və somatosensor qıcıqlandırmaqla qiymətləndirilə bilər. Supraorbital sinirin (supraorbital nayihənin medial nayihəsi) və ya çənənin bucağının barmaqla sıxılması və ya trapezius əzələsinin sıxılması daha efektiv qıcıqlandırıcı hesab edilir və reaksiyanın yoxlanması üçün daha məqsədə uyğun hesab edilir. Həmin metodlar klassik metodlardan (məs., dırnağın sıxılması və sinənin ovuşdurulması) daha efektivdir. Yuxarıdakı testlər nəticəsində xəstə tərəfindən səs çıxarılması, gözlərini açması və ətrafların tərpədilməsi kimi reaksiyalar mühüm hesab edilir. 
Qlazqo Koma Şkalası həmin sahələrdən əldə edilmiş reaksiyaların iyerarxiyasını göstərir ki, bu da komanın ağırlıq dərəcəsinə təzahür edir. QKŞ əslində huşun pozulmasının dərinliyini və proqnoz baxımdan xüsusi əhəmiyyət kəsb edir, lakin komanın diaqnostikasında bir rol oynamır. İntubasiya edilmiş xəstələrdə isə yaxınlarda praktikaya salınmış FOUR sistemi daha səmərəlidir. 
Motor funksiyanın müayinəsi — Xəstələrdə həm əzələ tonusunun, həm də spontan və sövq edilmiş (qıcıqlandırma nəticəsində) hərəkətlərin və reflekslərin qiymətləndirilməsi vacibdir. Həmin testlərin nəticəsində əldə edilmiş qeyri-bərabər reaksiyalar (asimetriya) əksər hallarda hərəkətsiz tərəfin hemipleqiyasına və beləliklə, beyinin əks yarımkürəsi və ya yuxarı beyin kötüyünün zədəsinə işarə etmiş olur.  

Məqsədyönlü hərəkətlərə aşağıdakılar aiddir - orta xəttin kəçilməsi, qıcıqlandırıcıya qarşı hərəkət, həkimin əlinin itələnməsi və ya qıcıqlandırıcıdan qaçma. Zəifləmiş spontan və məqsədyönlü hərəkətliliklə yanaşı, kəskin orqanik (struktur) xəstəlik  adətən əzələ tonusunun azalması və ya "boşalmış əzələ" kimi təzahür edir. Əzələlərin uzanması və yığılması adətən subkortikal strukturlardan yaranan reflekslər nəticəsində əmələ gəlir:
  • Dekortikasiya vəziyyəti dedikdə yuxarı ətrafların bədənə sarı adduksiyası və dirsəklərin, biləklərin və barmaqların yığılması, habelə aşağı ətrafların, o cümlədən, budun uzanması və adduksiyası, diz oynağında uzanma və dabanın yığılması və topuğun inversiyası nəzərdə tutulur. Bu beyinin buynuz qişası və ya ondan aşağı zonalarda disfunksiyadan irəli gəlir və adətən onurğa beyin reflekslərinin "azad" olunaraq biruzə verməsinə gətirib çıxarır. 
  • Deserebrasiya vəziyyəti dedikdə yuxarı ətrafların uzanması, adduksiyası və pronasiyası ilə yanaşşı aşağı ətrafların uzanması nəzərdə tutulur. Bu cür vəziyyət adətən qırmızı nüvədən (nucleus) aşağı sahələrdə disfunksiyadan irəli gəlir və bunun nəticəsində vestibulospinal traktlar dominantlığı öz üzərinə götürür. 
Adətən əksər metabolik vəziyyətlərdə əzələ tonusu təsirsiz qalır. Bədxassəli Neuroleptik sindrom və bədxassəli hipertermiya zamanı bilateral riqidlik müşahidə edilir. Bu həmçinin hepatik komada da müşahidə edilib. 
Multifokal mioklonus (ətraflarda, bədəndə və ya sifətdə qısa, asinxron əzələ dartınmaları) daha çox metabolik və ya toksik etiologiyadan xəbər verir. Tremor və asteriksis metabolik ensefalopatiyadan xəbər verir. Bu əlamətlər adətən ətrafların cazibə qüvvəsinə qarşı saxladıqda müşahidə edilir. Ətrafların fəal hərəkətləri zamanı sürətli tremor nəzərə çarpır. 
Kəllə sinirləri — Gözün dibi ehtiyyatla inspeksiya edilməlidir, çünki vacib diaqnostik tapıntılar əldə edilə bilər. Subhiyaloid (gozün torlu qişasının önü) qansızma demək olar ki, komatoz xəstələrdə anevrizma nəticəsində subaraxnoid qanaxma baxımından patoqnomikdir. Papillödem bədxəssəli hipertenziya və ya artmış kəllədaxili təzyiq əlaməti ola blər. Rot ləkələri (ağ mərkəzli qansızmalar) adətən bakteriyal endokardit mənşəli olur, lakin leykemiya, vaskulitidlər və diabetik retinopatiyada da müşahidə edilə bilər.

Koma baxımından ən mühüm kəllə sinir reflekslərinə - göz bəbəyi, gözün buynuz gişası və vestibulokulyar reflekslər aiddir. 
Bəbəklər — Bəbəklərin işığa reaksiyası hər gözdə ayrılıqda yoxlanılır ki, həm bir başa hər gözün reaksiyası bilinsin, həm də işıq düşməyən gözün razılaşdırılmış reaksiyası da müəyyən edilsin. Komatoz xəstələrdə bəbəklərin işığa reaksiyası refleksinin pozulması adətən aşağıdakı səbəblərdən baş verir:
  • Supratentorial kütlə və/və ya lateral istiqamətə irəliləməs nəticəsində okulomotor sinirin klivusa qarşı sıxılması nəticəsində və ya 
  • Birincili beyin törəmələri nəticəsində. 
Hər halda 3-cü kəllə sinirləri və ya onların nüvələri orta beyində zədələnir və nəticədə bir- və ya iki-tərəfli okulomotor sinirin paraliçi baş verir. Əgər bir tərəflidirsə, ipsilateral bəbək genişlənmiş olur və gözə işıq saldıqda həm bir başa, həm də razılıqlı şəkildə reaksiyası itmiş olur. Lakin, hər hansı gözə işıq salındıqda kontralateral (əks tərəfli bəbək) bəbəyin reaksiyası saxlanılmış olur. Əgər iki tərəfli zədələnmə baş veribsə, bu zaman hər iki bəbək simmetrik olaraq böyümüş, gözlər xaricə yayınmış olur və həm bir başa, həm də razılıqlı reaksiyası müşahidə edilmir. 
Transtentorial yırtıq zamanı bəbəklər ilkin olaraq genişlənmiş və işığa reaksiyası itmiş olur, lakin sonradan ölçüləri kiçilir (4-5 mm) və onlar reaksiyasız qalır. Buna bəbəklərin orta və fiksə olunmuş pozisiyası deyilir.

Bəzi toksik hallar istisna olunmaqla, adətən bəbəklərin reaksiyası metabolik və toksik vəziyyətlərdə pozulmamış qalır. Ağır sedativ dərmanların artıq dozada verilməsi və ya hipotermiya zamanı bəbəklər orta və fiksə edilmiş pozisiyada müşahidə edilə bilər. Bu beyin ölümünə oxşaya bilər. 

Beyin körpüsünün teqmentumunda olan zədələnmələr simpatetik sinir axınını poza bilər və nəticədə çox kiçik (1-2 mm-dən az) və işığa reaksiyası çox çətinliklə izlənən bəbəklər əmələ gətirə bilər. Opiatların artıq dozalanması da bu cür özünü biruzə verir.

Gözlərin hərəkətliyi — Ekstraokulyar hərəkətləri idarə edən mərkəzi strukturlar (okulomotor, troxlear və abdusens sinirlərinin nüvələri və medial lonqitudinal fassikulus) beyin kötüyünün teqmentumunda yerləşir. Həmin strukturlar isə frontal (alın) göz sahələrindən kontrol edilir. 
  • Gözlərin pozisiyası qeyd edilməlidir. Beyinin iri törəmələri adətən gözlərin birgə razılaşdırılmış şəkildə törəmənin olduğu tərəfə yönəlməsinə səbəb olur (ətrafların paraliçinə əks tərəf). 
  • Xüsusilə də, nistaqmusla birgə müşahidə edilən gözlərin bir tərəfə yönəlikliyi qıcolmadan da xəbər verə bilər. Bu halda gözlər beyinin zədələndiyi tərəfdən əks istiqamətə yönəlmiş olur. 
  • Lateral və aşağı yönəlmiş gözlər (adətən göz bəbəklərinin də reaksiyasının pozulması ilə birgə) okulomotor sinir və ya onun orta beyində yerləşən nüvəsinin zədələnməsinin nəticəsi ola bilər. 
  • Gözlərin medial istiqamətə yönəlməsi isə 6-cı kəllə sinirinin (N.abducens) paraliçi nəticəsində baş verir. 

Komatoz xəstələrdə gözlərin razılaşdırılmış (konyuqasiyalı) hərəkəti beyin kötüyünün intakt (zədələnməməsi) olmasından xəbər verir və əlavə testlərin aparılmasına ehtiyac duyulmur. Beyinin hipoksik-işemik insultundan sonra erkən dövrdə müayinədə gözlərin razılaşdırılmış hərəkəti müəyyən edilirsə, bu proqnoz baxımından çox əlverişli tapıntı kimi nəzərə alınır. Gözlərin birgə razılıqlı hərəkəti qeyd olunmadıqda, gözlərin horizontal (üfuqi) hərəkətliliyi iki vestibulookulyar refleks vasitəsilə yoxlanılır. 
  • Okulosefalik manevr (və ya kukla gözləri) zamanı xəstənin üfuqi uzandığı halda başının bir tərəfdən digər tərəfə rotasiyası aparılır. Müsbət refleksdə (müsbət kukla gözləri) kəllənin bir tərəfə rotasiyasında gözlər əks istiqamətə yönəlir və kəllənin döndüyü tərəfə yönlənmir. Burada gözlər sanki baxışı hansısa nöqtəyə fiksə etmiş kimi görünür. Bu manevri aparmaqdan öncə xəstənin onurğa sütununun boyun nayihəsi müayinə edilməli və heç bir zədənin və ya patoloji prosesin olmadığı yoxlanmalıdır. Huşu üstündə olan xəstələrdə bu refleks supressiya olunmuş olur və ona görə də yoxlanılmır. 
  • Okulovestibulyar refleksin Kalorik testi reflektor göz hərəkətliliyinin yoxlanması baxımından daha güclü stimul hesab edilir. Testin aparılması üçün kəllə və ya yuxarı bədən cismi üfuqi xəttdən 30 dərəcə qaldırılır. Qulaqların qulaq pərdəsinin perforasiyası və xarici qulaq yollarının açıq olması baxımından müayinəsindən sonra, 50 ml həcmdə buz kimi su qulağın xarici kanalına şpris və nəzik kateteri vasitəsilə inyeksiya edilir. Həmin stimul üfuqi yarımdairəvi (semicircular) kanal tərəfindən kəllənin əks istiqamətə rotasiya olunması kimi hiss edilir və nəticədə gözlər razılaşdırılmış şəkildə su ilə irriqasiya edilən qulaq tərəf dönür. Digər qulaqda testin keçirilməsi 5 dəqiqədən sonra aparılmalıdır. 

Soyuq kalorik reaksiya huşu normal olan insanlarda da mövcuddur. Bu halda qulağın buz su ilə irriqasiyası nəticəsində həm gözlərin ipsilateral tərəfə dönməsi, həm də nistaqmus, ağır vertiqo, ürək bulanması və qusma baş verir. Əgər nistaqmus test zamanı müşahidə edilirsə, xəstə ayıqdır və komatoz deyil. Psixoqen reaksiyanın öyrənilməsi baxımından soyul kalorik test çox faydalıdır. 
Gözlərin vertikal hərəkətliliyi ya kəllənin vertikal xətt boyu hərəkətliliyi zamanı yoxlanılır, ya da hər iki qulağın buzlu su (bu zaman huşu üstündə olan xəstələrdə gözlər aşağıya yönəlir) və ya bədən temperaturundan 5-7 dərəcə isti olan su (bu zaman hər iki göz yuxarıya yönəlir) ilə eyni zamanda irriqasiyası vasitəsilə yoxlanılır. 

Beyin kötüyünün zədələri zamanı, hər iki vestibulokulyar reflekslər əksər hallarda ya itmiş, ya da pozulmuş olur. 
Əgər bəbəklərin ölçüləri və reflekslər normaldırsa, və gözün bir abduksiya olunur, digəri isə adduksiya edilmir, bu beyin körpüsündə medial lonqitudinal fassikulusun zədələnməsindən xəbər verir. Yuxarı orta beyin zədələri isə 3-cü kəllə sinirinin nüvəsini zədələdiyi üçün gözün birinin abduksiyası zamanı digərinin adduksiyasının pozulması ilə nəticələnir. Beyin körpüsündə yerləşən 6-cı kəllə sinirinin nüvəsinin zədələnməsi ayrıca olaraq abduksiyanı pozmuş olur. Abdusens sinirinin paraliçi həm də beyində olan törəmə nəticəsində sinirin dartınmasına görə baş verə bilər. 

Dərin toksik və ya metabolik patoloqiya da VOR-lərin (vestibulookulyar reflekslər), xüsusilə də, okulosefalik refleksin qeyri-normallığına səbəb ola bilər. Bəbəklərin reflekslərinin normal olması ilə yanaşı itmiş kalorik test reaksiyası adətən Vernike ensefalopatiyası ehtimalını artırmış olur. Vernike ensefalopatiyası zamanı selektiv olaraq VOR-lər pozulmuş olur, lakin beyin kötüyü refleksləri saxlanmış olur. 


Ardı növbəti məqalədə...
Material uptodate-in məlumatları əsasında hazırlanıb.

Monday, February 13, 2012

Qarın boşluğunun bəzi kəskin və təxirəsalınmaz müdaxilə tələb edən patologiyaları. Abdominal təxirəsalınmaz hallar. (HİSSƏ 2)

Ardı... Başlığı əvvəlki məqalədə.  

4.   Bağırsağın obstruksiyası.
a. Klinika. Əksər xəstələrdə anoreksiya (iştahanın itməsi), qusma (xüsusən də, daha proksimal obstruksiyas olduqda), abdominal ağrı, qəbzlik və ya ishal və davamlı olub keçməyən qəbzlik kimi simptomlar müşahidə edilir. 
 (1) Xəstəlik tarixçəsində yırtıq, abdominal cərrahi (adqeziyalar, yapışmalar), iltihablı bağırsaq xəstəliyi, xərçənq, əvvəllər baş vermiş bağırsaq obstruksiyası, istəmədən çəki azalması, travma və ya koaqulopatiya (hematoma) aşkar edilə bilər. 
  (2) Fiziki müayinədə isə qarın köp, bağırsaq küyləri itmiş və ya yüksək tembrli və ya nazik bağırsaq obstruksiyasında olduğu kimi "zınqıltı" səsi auskultasiya edilir. Abdominal və ya rektal palpasiyada kütlə müəyyən edilə bilər. Boğulmuş (yerinə keçməyən, qərqin, şişkin, eritematoz) yırtıq da müəyyən edilə bilər. Əgər xəstənin hərarəti varsa və ya peritonitin əlamətləri müəyyən edilirsə, bu zaman bağırsağın perforasiyası, boğulması və ya nekrozu nəzərdən keçirilməlidir.  
b.   Diaqnostika . Abdominal radioloji müayinə ilk növbədə yoğun bağırsaq obstruksiyasını (haustralar bağırsağın bütöv boşluğu boyu olmur) nazik bağırsaq obstruksiyasından (valvulae conniventes bütöv bağırsaq lumenindən keçir) differensiasiya etməyə yardım edə bilər. Nazik bağırsaq obstruksiyasında rentqenoloji filmlərdə mərkəzi qaz kölgələrini göstərir, yoğun bağırsaqda qazın olmadığını müəyyən edir, hava-maye səviyyələrini və obstruksiyanın baş verdiyi yerdən proksimal hissədə bağırsağın böyüməsini göstərir. Kor bağırsağın diametri 10 sm-dən çox olduqda, bu bağırsağın nekrozu və perforasiyasının baş verməsi ehtimalını artırmış olur və mütləq şəkildə bağırsağın dekompressiyası və ya cərrahi müdaxilə tələb edir. Əgər obstruksiyanın baş verdiyinə ehtimal çoxdursa, rentqenoloji filmdən sonra abdominal KT olunmalıdır. Rentqen filmlərin obstruksiyanı təyin etmək həssaslığı 77% və spesifikliyi 50% olduqda, KT-nin həssaslığı 93%, spesifikliyi isə 100% təşkil edir. KT vasitəsilə 93% hallarda həmçinin obstruksiyanın dəqiq yerini də müəyyən etmək olur. KT həmçinin 87% hallarda obstruksiyanın səbəbini də müəyyən etməyə imkan verir.
c.   Müalicə taktikası. Xəstələr NPO (ağızla heç bir şey qəbul etməməli) saxlanmalı, nazoqastrik boru yerləşdirilməli və mədə-bağırsaq sisteminin dekompressiyası aparılmalı, habelə xəstəyə venadaxili infuzion terapiyası (NaCl, D5/1/2NaCl və ya Rinqer Laktat) başlanmalı və elektrolitlər yoxlanmalı və korreksiya edilməlidir. Erkən cərrahi konsultasiya əldə edilməlidir. Bağırsağın boğulması, nekroz və ya tam (xüsusilə də, yoğun bağırsaq) və ya qapalı-həlqə tipli obsutrksiyasına dəlalət edən əlamətlər cərrahi baxımdan təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Bağırsağın nekrozu başladıqda mortalite xeyli dərəcədə artmış olur. Təxirəsalınmaz cərrahi müdaxilə edilməli və risk altında olan sağlam bağırsağı xilas etməklə yanaşı həmçinin nekrotikləşmiş bağırsağın rezeksiyası aparılmalıdır. Tam obstruksiya ilə müqayisədə bağırsağın hissəvi (qismən) obstruksiyası adətən konservativ (qeyri-cərrahi) yolla müalicə nəticəsində müsbət nəticələr verir. Lakin, hissəvi obstruksiya 24 saat ərzində aparılan müalicə və müşahidə nəticəsində aradan qalxmadıqda, cərrahi müdaxilə nəzərdən keçirilməlidir. 
d.  Obstruksiyanın səbəblərinə boğulmuş yırtıq, adqeziyalar (qarındaxili yapışmalar), striktura və ya daralma (məsələn, radioaktiv şüalanma, işemiya, iltihablı bağırsaq xəstəliyi və ya digər səbəblərdən), yeni törəmə, volvulus (bağırsağın burulması), bağırsaq invaqinasiyası, travma və ya hematoma, öd daşı ilə obstruksiya sayəsində ileus (öd kisəsi daşının öd yollarından keçərək fistula vasitəsilə bağırsaq daxilinə daxil olaraq kiçik bağırsağın obstruksiyanın yaranması), və bezoarlar (pis həzm olunmuş qida qalıqları) daxildir. Hər bir yuxarıda sadalanan səbəblərdən asılı olaraq spesifik müalicə tədbirləri aparılmalıdır. Nəzərdə saxlamaq lazımdır ki, yoğun bağırsağın psevdoobstruksiyası və ya Oqilviye sindromu doğru obstruksiya deyildir, əksinə bağırsağın funksional obstruksiyasıdır. Bu cür funksional obstruksiya zamanı neostiqminlə terapiya aparıla bilər. 


5.     Toksik meqakolon.
a.   Klinika. İltihablı bağırsaq xəstəliyi, C.difficile infeksiyası və ya digər infeksion kolit, işemik kolit, divertikulit, yoğun bağırsaq xərçənqi olan və HİV virusuna yoluxmuş insanlar toksik meqakolonun inkişafı baxımından xüsusi risk qrupuna daxil edilir. Adətən xəstələr həkimə müraciət etməzdən əvvəl yuxarıda sadalanan xəstəliklər səbəbindən azı 1 həftə ərzində qarın ağrılarının olduğunu, qanlı ishal, ağrının kəskinləşməsi və qarında köp və gərginliyin artmasını qeyd edir. Xəstələr adətən ilk ümumi baxışdan xeyli xəstə görünür, əksər hallarda hipotenziv və yüksək hərarətli olur və bir çoxunda peritonitin əlamətləri müşahidə edilir (abdominal ağrılılıq, qarın əzələlərinin gərginliyi və Rebound tenderness (qarın boşluğunu palpasiya edərkən basıb əli buraxdıqda ağrının xeyli artması)). 
b.   Diaqnostika. Toksik meqakolonun diaqnostikası əsasən radioloji müayinədə yoğun bağırsağın 6 sm-dən çox dilatasiyası, habelə aşağıdakı simptomlardan üçü - hərarət, taxikardiya, leykositoz və anemiya; və dehidratasiya, huşun pisləşməsi, hipotenziya və ya qeyri-normal elektrolitlər olduqda - diaqnoz qoyulur. Nəcisdən nümunə götürülərək Qram üzrə yaxma, əkmə, nəcisdə leykositlər və C.difficile toksinin təyin edilməsi üçün göndərilməlidir. 
c.   Müalicə taktikası .  Xəstələr NPO (ağızla heç bir şey qəbul etməməli) saxlanmalı, nazoqastrik boru yerləşdirilməli və mədə-bağırsaq sisteminin dekompressiyası aparılmalıdır. Abdominal radioloji filmlər gündəlik olaraq əldə edilməlidir. Terapiya əsasən venadaxili infuziyalar, geniş-spektrli antibiotiklər (o cümlədən, C.Difficile bakteriyasına qarşı istifadə edilən metronidazole və ya ağızla qəbul edilən vankomisin) verilir. Mədə-bağırsaq sisteminin motorikasını zəiflədən dərmanların və narkotik preparatların istifadəsi məsləhət deyil, çünki onlar bağırsaq perforasiyası riskini artırmış olur. Dərhal cərrahi məsləhət əldə edilməlidir. Perforasiya əlamətləri müşahidə edilirsə və ya konservativ terapiyanın aparılmasına baxmayaraq simptomlar 48 saatdan çox davam edirsə, bu zaman cərrahi müdaxilə edilərək kolektomiya aparılır. 

6.      Apendisit.
a.     Klinika. Abdominal (qarın) ağrısı ilkin olaraq mərkəzdə lokalizasiya olunur, küt olur və sancılı. Daha sonra ağrı sağ aşağı qarın nayihəsinə miqrasiya edir və hərəkət etdikdə daha da artan (peritonit) kəskin ağrıya çevrilir. Əlaqəli simptomlarla həm də ürək bulanma, iştahanın itməsi və hərarət daxildir. Ağrının aradan qalması və sonradan peritonitin əlamətlərinin əmələ gəlməsi apendiksin perforasiyasından xəbər verir. Fiziki müayinə zamanı sağ aşağı qarın nayihəsində ağrılıq və MkBurne nöqtəsi üzərində palpasiya zamanı əzələ gərginliyi, sol aşağı qarın nayihəsinin palpasiyasında sağ tərəfdə ağrının əmələ gəlməsi (Rövzinq əlaməti), budun uzanması nəticəsində sağ aşağı qarın nayihəsində ağrı hissinin olması (iliopsoas əlaməti) və budun daxili rotasiyası nəticəsində sağ aşağı qarın nayihəsində ağrı hissinin olması (obturator əlaməti). İltihablı apendiks düz bağırsağa yaxın yerləşdikdə isə rektal müayinə zamanı ağrılılıq hissi də müəyyən edilə bilər. 
b.  Diaqnostika. Leykositoz əksər hallarda müşahidə edilir. KT-də apendiksin divarının qalınlaşması (> 2 mm), apendikolith, fleqmon, abses, sərbəst maye və ya sağ aşağı qarın nayihəsində piy toxumasında xəttvari yüksək sıxlıqlı sahələrin qeyd edilməsi də nəzərə çarpır. Apendisitin müəyyən edilməsində KT-nin həssaslığı 96-98%, spesifikliyi isə 83-89% təşkil edir. Sadə rentqen filmləri isə nadir hallarda faydalı olur. USM ilə appendiks yalnız 1/3 hallarda müəyyən edilə bilir. Əgər USM-də apekdiks müəyyən edilirsə, bu zaman 6 mm-dən böyük olan diametri appendisitə dəlalət edir. 
c.    Müalicə taktikası. Dərhal cərrahi məsləhət əldə edilməlidir. Xəstələr NPO (yəni ağızla heç bir şey qəbul etməməli) saxlanmalı və venadaxili antibiotiklər və maye infuziyaları almalıdır. Stabil xəstələr və cərrahi müdaxilə baxımından pis namizəd olan xəstələr ilkin olaraq antibiotiklər və maye verilməklə qeyri-cərrahi yanaşma yəni konservativ müalicə oluna bilər. Lakin 40%-dən artıq xəstə bütün hallarda apendektomiya əməliyyatı olunmalı olur. Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin əksəriyyəti simptomların başladığı an deyil, xeyli gecikmiş olaraq həkimi müraciət edir, bu zaman təcili apendektomiyanın aparılması şərtdir. Bəzi hallarda apendiksin perforasiyası nəticəsində cibləşmiş lokallaşmış abses formalaşdıqda, ilkin olaraq antibiotiklər və radioloji görüntüləmə altında absesin perkutan aspirasiyası aparıla bilər və 4-6 həftə sonra apendektomiya əməliyyatı keçirilə bilər. Son kliniki araşdırmalara əsasən, gecə müraciət edən uşaqlarda apendektomiyanın səhərə qədər gecikdirilməsi təhlükəsiz olduğu halda, böyüklərdə gecikmə ağırlaşmalara gətirib çıxara bilər. 

7.    Yumurtalığın burulması (ovarian torsion).
a.   Klinika. Menopauzadan əvvəl (xüsusilə də, 30 yaşdan gənc qadınlarda) olan qadınlarda yumurtalığın burulması ipsilateral (yəni burulmaya məruz qalmış yumurtalığın yerləşdiyi tərəfdə) aşağı qarın nayihəsi və ya çanaqda qəfl kəskin ağrı ilə başlanır. Bu ağrı belə, tərəflərə və ya ipsilateral buda və ya qasıq nayihəsində radiasiya edir. Bir çox hallarda xəstələrdə ürək bulanma və qusma da qeyd edilir. Fiziki gərginlik, idman və ya cinsi əlaqə yumurtalığın burulması simptomlarına start verə bilər. Yumurtalığın burulması daha çox hamiləlik zamanı və ovulasiyanın induksiyasından sonra baş verir. Ağrı adətən daim olur və yumurtalığın işemiyası tədricən infarkta doğru inkişaf etdikcə ağrı daha da pisləşir. Təkrarlanan burulma və burulmanın açılması simptomların gəlib-gedən və ya aralıqlı olduğu kimi qeyd edilə bilər.  Əksər hallarda kista, şiş və ya abses nəticəsində yumurtalığın böyüməsi (xüsusilə də, 6 sm-dən çox) burulma ehtimalını artırır. Sağ yumurtalıqda burulma daha çox baş verir. Çanağın müayinəsində adneksal ağrılı kütlə palpasiya edilə bilər. Hərarət də müşahidə edilə bilər. Yumurtalığın infarktı peritonit və hemodinamikanın pozulmasına gətirib çıxara bilər. 
b.  Diaqnostika. Adətən leykositoz müşahidə edilir. Müsbət β-hCG yumurtalığın burulmasını istisna etmir. Transvaqinal rəngli Dopler USM 87% hallarda dəqiqlikdə diaqnozun qoyulmasına imkan verir və həmçinin yumurtalığın sağ (yaşamlı) olmasını da təyin etməyə yardım edə bilər. 
c.  Müalicə taktikası. Təcili qinekoloji məsləhət və müayinə əldə edilməli, və yumurtalığın burulmasını aradan qaldırmaq və yumurtalığı saxlamaqla (əgər yumurtalıq sağlam və yaşamlıdırsa) cərrahi əməliyyat aparılır.