Kolonoskopiya sol-tərəfli və sağ tərəfli yoğun bağırsaq xərçənginə dair müayinədə əhəmiyyətli rola malikdir
Kolonoskopiya vasitəsilə müayinə sol- və sağ tərəfli yoğun bağırsaq xərçənginin sayının azalmasına səbəb olur. Araşdırmalar göstərib ki, təlimatlara görə aparılan kolonoskopik müayinələr xərçəngə çevriləbilən müxtəlif xoşxassəli törəmələrin, poliplərin və yə ilkin dəyişiklik mərhələsində olan bəd xassəli şişlərin vaxtında müəyyən edilməsi nəticəsində sol- və sağ-tərəfli yoğun bağırsaq xərçənginin yaranması riskini xeyli azaldır.
Kolonoskopiya bütün yaş qruplarında, xüsusilə də, 50-59 yaş qrupunda, sol tərəfli yoğun bağırsaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. 70 yaşdan yuxarı olan əhali qrupunda isə kolonoskopiya məhz sağ-tərəfli yoğun bağırsaq xərçəngi riskini xeyli azaltmış olur.
Yoğun bağırsaq xərçənginin erkən müəyyən edilməsi və profilaktikası üçün Təlimat Qaydaları:
A. 50-75 yaşlı böyüklər: Yüksək həssaslığı olan Nəcisdə Gizli Qanın təyin edilməsi Testi, Siqmoidoskopiya və ya Kolonoskopiya aparılmalıdır.
B. 76-85 yaşlı böyüklər: Heç bir simptom və ya sübhə yoxdursa, müayinəyə ehtiyac yoxdur.
C. 85 yaşdan yuxarı böyüklər: yoğun bağırsaq xərçənginə dair müayinələr və testlərin aparılması tövsiyyə edilmir.
Müayinə üçün profilaktik testlərin təsnifatı:
- Yüksək həssaslığı olan Nəcisdə Gizli Qanın təyin edilməsi Testi, Siqmoidoskopiya və ya Kolonoskopiya kolorektal/yoğun bağırsaq xərçəngindən ölüm hallarının azaldılması nöqteyi nəzərindən çox efektivdir. Kolonoskopiya və bir az dərəcədə həm də siqmoidoskopiyanın müəyyən ciddi fəsadları mümkündür.
- Müayinələrin vaxtı:
- Əgər müayinə üçün Yüksək həssaslığı olan Nəcisdə Gizli Qanın (YHNGQ) təyin edilməsi testi istifadə edilirsə, bu test hər il həyata keçirilməlidir.
- Əgər müayinə üçün Siqmoidoskopiya seçilirsə, onda bu hər 5 ildən bir keçirilməli və onunla yanaşı Yüksək həssaslığı olan Nəcisdə Gizli Qanın təyin edilməsi testi də 3 ildən bir keçirilməlidir.
- Kolonoskopiya seçildiyi təqdirdə isə o hər 10 ildən bir keçirilir.
- İlk müayinənin keçirilməsi:
- Ailəsində yoğun bağırsaq xərçəngi olmayan və yüksək risk qrupuna daxil olmayan şəxslərdə ilkin müayinə 50 yaşından başlanmalı və davamlı şəkildə yuxarıda göstərilən 3 müayinə üsulundan birinin tətbiqi ilə aparılmalıdır. Üsullar istənilən zaman xəstənin razılığı və ya istəyi ilə, habelə həkimin tövsiyyəsinə əsasən dəyişdirilə bilər. Yəni kolonoskopiyanı rədd edən xəstəyə 5 ildən bir siqmoidoskopiya ilə 3 ildən bir nəcisdə gizli qanın təyin edilməsi testi və ya hər il nəcisdə gizli qanın təyin edilməsi testi təklif edilə bilər. Lakin, vəziyyət tələb etdikdə və ya xəstənin və ya həkimin təkidilə istənilən zaman kolonoskopiya seçilə bilər və bu zaman o hər 10 ildən bir aparıla bilər.
- Ailəsində yoğun bağırsaq xərçəngi hadisəsi olan hər bir şəxs mümkün qədər daha erkən vaxtlarda həkimlə məsləhətləşməli və profilaktik müayinə metodu seçilərək mümkün riskin azaldılması üçün tədbirlər görməlidir.
- Bir çox tədqiqatçılar Aspirin və Qeyri-steroid İltihab əleyhinə preparatların yoğun bağırsaq xərçəngi riskinin azaldılması üçün istifadəsi əleyhinədir. Bütün hallarda, aspirin və digər dərmanların qəbulu yuxarıda verilmiş üsullardan biri ilə aparılan profilaktik müayinəni əvəz etməməlidir.
Terminologiya:
Kolonoskopiya işıq verən lampa, videokamera və xüsusi keçirici kanalları olan çevik boru ilə anal dəlikdən salınaraq kor bağırsağa qədər bütün yoğun bağırsağın daxilini müayinə etməyə imkan verən instrumental metoddur.
Kolonoskopiya aparılan zaman yoğun bağırsağın görüntüləri videoya yazıla bilər və ən əsası isə şübhəli bilinən sahələrdən biopsiya vasitəsilə sitoloji analiz üçün toxuma nümunələri götürülə bilər.
Kolonoskopiya həm müayinə, həm də müalicə metodudur. Kron xəstəliyi və Xoralı Kolit, həmçinin yoğun bağırsaq poliplərinin müayinəsi, toxuma nümunələrinin diaqnostika üçün götürülməsi, habelə poliplərin kəsilərək götürülməsi, bağırsaqda olan xoraların müalicəsi, yoğun bağırsağın obstruksiyası zamanı dekompressiyasının aparılması, yoğun bağırsaq qanaxmaları zamanı qanaxmanın dayandırılması və s. məqsədlər üçün kolonoskopiyanın mühüm rolu vardır.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.