Sunday, October 9, 2011

Duodenal Xora: medikamentoz və cərrahi müalicə, proqnos. Hissə 1.


Duodenal xoraların müalicəsi. Hissə 1. 
Giriş əvəzi
Duodenal xoralar bu gün də geniş yayılmış xəstəliklər sırasındadır. Lakin uzun müddət davam edən və ya müalicəsi efekt verməyən duodenal xoraların cərrahi yolla müalicəsi müasir dövrdə nadir hallarda istifadə edilir. Buna səbəb əsasən xəstəliyin patofiziologiyasının daha yaxşı öyrənilməsi və medikamentoz qeyri-cərrahi müalicə metodlarının səmərəli olmasıdır. Medikamentoz müalicə dedikdə burada daha çox mədə şirəsinin sekresiyasına qarşı preparatlar, o cümlədən, proton nasosunun blokatorları və H2 histamin reseptorlarının antaqonistlərinin geniş istifadəsi və Helikobakter pilori infeksiyasının aradan qaldırılması (eradikasiyası) nəticəsində əldə edilən müsbət nəticələrdən söhbət gedir. 
Lakin buna baxmayaraq duodenal xoralar cərrahi xəstəlik olaraq qalır. Buna səbəb əsasən xora nəticəsində baş verən ağırlaşmalardı ki, bunlara qanaxma, perforasiya və obstruksiya daxildir. Bu cür ağırlaşmalar əsasən cərrahi yolla müalicə edilir. 

H.pilori infeksiyasının müalicəsi aşağıdakı üsullarla aparıla bilər. 
Duodenal xorası olan xəstələrdən alınan anamnez göstərdi ki, onların əksəriyyətində (90%) ya H.pilori infeksiyası olub və/və ya onlar yaxınlarda QSİƏP (qeyri-steroid iltihab əleyhinə preparatlar və ya aspirindən istifadə edib. Zolinqer-Ellison sindromu (qastrinoma) diferensial diaqnostika baxımından mühüm yer tutur. Xüsusilə də, əgər xoranın medikamentoz müalicəsi efekli olmayıbsa və/və ya xora duodenumun ilk hissəsinin distal nayihəsindədirsə, qastrinoma diaqnozu diqqətdə saxlanılmalı və yoxlanmalıdır. Digər tərəfdən duodenal xoraların yaranmasında siqaret, psixoloji stres, steroid preparatları və ya kokain istifadəsi və bəzi hallarda qastroduodenal hərəkətliliyinin (peristaltikasının) pozulması da mühüm rol oynayır. 
Duodenal xoranın medikamentoz müalicəsi
Duodenal xorası olan xəstələrin əksəriyyəti medikamentoz müalicə edilir ki, bura mədə turşusunun ifrazını azaldan preparatlar, H. pilori infeksiyasının aradan qaldırılması və aspirin və QSİƏP-dan istifadə etməmə daxildir. H.Pilori infeksiyası adətən seroloji test, antral biopsiya (histologiya və/və ya ureaz testi) və/və ya karbon-nişanlanmış sidik cövhəri ilə nəfəslama testi ilə diaqnostika edilir. Son zamanlar nəcisdə H.pilori bakteriyasını antiqenin müəyyən edilməsi testi daha çox istifadə edilməyə başlanıb. Xüsusilə qeyd etmək lazımdır ki, karbonla-nişanlanmış sidik cövhəriilə nəfəsalma testi infeksiyanın ləğv edilib edilməməsini müalicədən sonra müəyyən etməkdə yardımçı ola bilər. Əgər H.pilori infeksiyası ləğv edilibsə və xəstə aspirin və QSİƏP-dan istifadə etmirsə, bu zaman mədə turşusunun azaldılması üçün istifadə edilən dərman preparatları 2 aydan sonra dayandırıla bilər. Bu hallarda duodenal xoranın yenidən əmələ gəlmə riski çox aşağıdır. Xoranın yenidən yaranma riski yüksək olan və ya xora nəticəsində ağırlaşmaları olmuş xəstələr proton nasosun blokatorları ilə müalicəni qeyri-müəyyən müddətə və ya ömürboyu davam etdirməlidir. Həmçinin, QSİƏP, aspirin, steroidlər və ya antikoaqulyant terapiyaya etiyacı olan xəstələr də proton nasosun blokatorlarında ömürboyu istifadə etməlidir. Xəstəxanaya duodenal xoranın ağırlaşması ilə qəbul edilmiş hər bir xəstə, xəstəxanadan evə yazıldıqda mədə turşusunun səviyyəsini azaldıcı preparatlardan qeyri-müəyyən müddət və ya uzun müddət istifadə etməlidir. 

Cərrahi müalicə
Cərrahi müalicə üçün əsas göstərişlərə xoranın perforasiyası, qanaxma, obstruksiya və nadir hallarda xoranın medikamentoz terapiyasının nəticə vermədiyi hallar aiddir. Duodenal xoranın cərrahi müalicə üsullarına gəlincə isə bunlara xoranın tikilməsi, yüksək seçimli vaqotomiya, vaqotomiya və drenaj (piloroplastika və ya qastroyeyunostomiya) və vaqotomiya ilə antrektomiya aiddir. Yuxarıda artıq qeyd edildiyi kimi, duodenal xoranın müalicəsində planlı və hətta təcili cərrahi müdaxilələrn sayı xeyli azalmışdır. Ümumiyyətlə, proton nasosun blokatorları və H2-reseptorlarının antaqonistlərinin mövcud olduğu müasir dövrdə cərrahi müdaxiləni əsaslandırmaq çox çətindir. Hətta nəzərə alsaq ki, duodenal xoranın cərrahi müalicəsi nəticəsində dampinq sindromu, diareya və qastroparezin yaranma riski (10%) çox da yüksək deyil, buna baxmayaraq cərrahi müdaxiləyə nadir hallarda əl atmaq məsləhət edilir. Qanaxma və ya perforasiya olunmuş xoraların müalicəsində həmçinin laparoskopiyadan da geniş istifadə edilə bilər. 


Davamını növbəti məqalədə izləyin...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.