Friday, February 10, 2012

Qarın boşluğunun bəzi kəskin və təxirəsalınmaz müdaxilə tələb edən patologiyaları. Abdominal təxirəsalınmaz hallar. (HİSSƏ 1)




   1.    Bağırsağın perforasiyası
   a.    Klinika. Bu cür patologiyası olan xəstələr adətən peptik xora xəstəliyi, iltihablı bağırsaq xəstəliyi, divertikulitdən əziyyət çəkən, əvvəllər abdominal cərrahi müdaxiləyə məruz qalmış, travma və ya yaxınlarda endoskopik prosedurlar keçirmiş olur. Xəstələrin şikayət etdikləri ağrı ya lokalizasiya olunmuş, ya da diffuz ola bilər və bu mövcud olan iltihabın inkişafından asılıdır. Hərəkətsiz olan xəstədə hərarət, peritonit əlamətləri, qarın boşluğu əzələlərinin gərginliyi, bağırsaq küylərinin itməsi peritonitdən xəbər verir. 
   b.    Diaqnostika. Ayaq üstə və ya sol dekubitus pozisiyasında çəkilmiş rentqen filmlər diafraqma altında və ya qarış boşluğunda sərbəst havanın olduğunu müəyyən edə bilər. Lakin, qeyd olunmalıdır ki, radioloji müayinə qarın boşluğunda sərbəst havanı yalnız 38% hallarda müəyyən edə bilir. Əgər bağırsaq perforasiyasına şübhə varsa və rentqendə sərbəst hava yoxdursa, bu zaman KT etmək məqsədə uyğundur. 
   c.    Müalicə taktikası. Təcili cərrahi məsləhət əldə olunmalı və xəstə NPO (ağızla heç bir şey qəbul edilməməli) saxlanmalıdır. Yardımçı terapiya venadaxili infuzion terapiya, antibiotiklər və analqetiklərdən ibarət olmalıdır. 

   2.    Partlamış ektopik hamiləlik
   a.    Klinika. Partlamış ektopik hamiləliyə dəlalət edən əlamətlərə və xüsusiyyətlərə aşağıdakılar aiddir: reproduktiv yaşlı (gənc) xanımda abdominal ağrı, anamnezdə amenorreya və kəskin vaqinal qanaxma. Uşaqlıq daxili kontraseptiv vasitələr (məs., spiral), çanağın iltihabi xəstəliyi (pelvic inflammatory disease) və əvvəllər olmuş uşaqlıq borusu hamiləliyi ektopik hamiləliyə şərait yaradan amillərdir. Ektopik hamiləliyin partlamasından əvvəl xəstələr adətən simptomsuz olur. Abdominal əzələ gərginliyi, riqidlik və hipotenziya ektopik hamiləliyin partlaması baş verdikdə tez-tez rast gəlinir. Pelvik müayinədə adətən adneksan gərginlik, kütlə və uşaqlığın böyüməsi nəzərə çarpa bilər. 
   b.    Diaqnostika. Diaqnoz əksər hallarda beta–human xorionik qonadotropin (β-hCG) hormonun səviyyəsinin >1500 BV/L (beynəlxalq vahid) artması və transvaqinal USM-də uşaqlıq daxilinin boş olması zamanı qoyulur. Lakin, uşaqlıq daxilinin boş olması uşaqlıqdan kənar (ektopik) hamiləliyi istisna etmir, çünki ektopik ekiz mövcud ola bilər. Differensial diaqnostika zamanı, xüsusən də,  β-hCG  neqativ olduqda, partlamış hemmoraqik yumurtalığın kistası istisna edilməlidir. 
   c.    Müalicə taktikası. Partlamış ektopik hamiləlik yüksək mortalite - olüm faizilə əlaqəlidir. Məhz buna görə təxirəsalınmaz qinekoloji və cərrahi müayinə aparılmalıdır. Stabil, partlamamış ektopik hamiləlik konservativ olaraq metotreksatla müalicə edilir. Bəzi hallarda salpinqektomiya və ya salpinqo-oophorektomiya əməliyyatı aparılır. Peritonit əlamətləri olan, hipotenziyası olan, xeyli qan itirmiş, hipovolemik şokda olan və hemodinamikası qeyri-stabil olan xəstələrdə laparotomiya vasitəsilə əməliyyat aparılmalı, qanaxma dayandırılmalı, salmpinqektomiya və ya salpinqo-oophorektomiya və nadir hallarda histerektomiya-salpinqektomiya-oophorektomiya əməliyyatı aparılmalı (TAH-BSO, total abdominal histerektomiya və bilateral salpinqo-oophorektomiya) və bütöv qarın boşluğu müayinə edilməlidir. 

   3.    Partlamış abdominal aortanın anevrizması
   a.    Klinika. Damar (vaskulyar) xəstəliyi olan, siqaret çəkən (aorta anevrizması riski digər insanlarla müqayisədə 5 dəfə çoxdur) və əgər yaxın ailə üzvlərində abdominal aortanın anevrizması olubsa, bu xəstədə həmin xəstəliyin ehtimalını artırmış olur. Ağrı ilkin olaraq keçib gedən pulsasiyalı ağrı kimi epiqastrik və ya bel (lumbar) nayihəsində müşahidə edilir, sonra tədricən stabil ağrı və anevrizma partlayandan sonra isə davamlı olur. Ağrı kürəyə, qasıq kanalı nayihəsinə və xayalara radiasiya oluna bilər. Fiziki müayinədə ən çox rast gəlinən - hipotenziya və göbəkdən yuxarı hissədə pulsasiyalı kütlənin müəyyən edilməsidir. 
   b.    Diaqnostika . Əgər anevrizmanın partlamasına şübhə varsa, xəstələr ciddi və davamlı nəzarət altında saxlanmalıdır. Diametri 5.5 sm-dən çox olan və ya 6 ay ərzində diametri 0.5 sm-dən çox böyüyən anevrizmaların partlama ehtimalı çox yüksəkdir. Diametri 4 sm-dən az olan anevrizmaların partlama ehtimalı xeyli azdır. USM ilə 100% hallarda abdominal aortanın anevrizmasının diaqnostikası mümkündür. Lakin, xeyli kök xəstələrdə, habelə bağırsaq qazlarının çox olması USM-nin efektini məhdudlaşdırır. Əgər USM ilə dəqiq diaqnostika mümkün deyilsə, bu zaman KT-nin aparılması vacibdir. 
   c.    Müalicə taktikası. Təxirəsalınmaz cərrahi məsləhət əldə edilməlidir. Hazırda abdominal aorta anevrizmasının partlaması nəticəsində mortalite - ölüm faizi 50%-dir. Yardımşı terapiya əsasən venadaxili infuzion terapiya, vitamin K və yeni buzlamış plazmanın köçürülməsi ilə koaqulopatiyanın korreksiyasından ibarətdir. Hipotenziyası olmayan xəstələrdə beta-blokatorların verilməsinin faydası tam sübuta yetirilməyib. Əgər xəstədə hipertenziya varsa və onun kontrol edilməsi zəruridirsə, bu zaman qısa müddətli venadaxili beta blokatorun verilməsi tövsiyyə edilir. 



Ardı növbəti məqalədə. 


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.